Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümumi Yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın professorları, büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Gündəlikdə yer alan məsələlərlə bağlı iştirakçıları məlumatlandıran Bölmə rəhbəri akademik Ə.Əmiraslanov AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinə seçkilərin keçiriləcəyini söyləyib.

 

Sonra akademik BTEB-in “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalı, eləcə də bölmənin digər dövri nəşrlərinin alimlərimizin əldə etdikləri mühüm elmi tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılması və elmin təbliği baxımından əhəmiyyətindən danışıb və həmin nəşrlərin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən söz açıb. İclasda “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti nömrədən başlayaraq “Həyat elmləri və biotəbabət” adlandırılması qərara alınıb.

 

Bir sıra cari məsələlərin müzakirə olunduğu Ümumi Yığıncaqda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları müvafiq vəzifələrə təsdiqləniblər.

 

Sonda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər. Seçkilərin nəticələrinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.