Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019/2020-ci tədris ili üçün ilk iclası keçirilib.

 

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov təhsil işçilərinin sentyabrın 11-də keçirilən respublika konfransı barədə məlumat verib. O bildirib ki, konfransda ötən tədris ilinin yekunları müzakirə edilib, 2019/2020-ci tədris ilinin əsas istiqamətləri və qarşıda duran hədəflər diqqətə çatdırılıb. Konfransda Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, bu il yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərin 4/1-i müəllimlik peşəsini seçiblər: “Konfransda mən Pedaqoji Universitet adından müəllim hazırlığı, bu sahədə yeni trendlərlə bağlı çıxış etdim. Müəllimlərin İşə Qəbulu Müsabiqəsində 55 min nəfər namizəd iştirak edib. Onların uğur qazanan xeyli hissəsi ADPU-nun məzunlarıdır. Hazırda ADPU-da filiallar və Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə birlikdə 20480 nəfər tələbə təhsil alır. Bu il 365 nəfər gənc 500-dən yüksək bal toplayaraq ADPU-ya qəbul olunub. Cari tədris ilində ADPU-ya qəbul planı 96,4 faiz dolub. Yeni tədris ilindən başlayaraq ADPU-nun SABAH qruplarında 4 ixtisas tədris olunacaq. Bütün bu yüksək göstəricilər bizdən daha əzmlə, daha məsuliyyətlə çalışmağı tələb edir”.

 

“Elmi Şuranın tərkibində dəyişikliyin edilməsi barədə” və  “ADPU-nun 2018-2019-cu tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri və 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında”  Tədris işləri üzrə prorektor,  dosent Eldar Aslanov çıxış edib. E.Aslanov Elmi Şuranın yeni tərkibi, həmçinin fakültə və kafedraların adlarının dəyişdirilməsi barədə məlumatları nəzərə çatdırıb.

 

 “2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat  səviyyəsi  üzrə qəbulun nəticələri haqqında” məlumat verən Sənəd Qəbulu Komissiyasının məsul şəxsi, dosent Razim Məmmədov qeyd edib ki,  2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 nəfər tələbə qəbul olunub. 1442 nəfər tələbə dövlət sifarişi əsasında, 856 nəfər tələbə isə ödənişli əsaslarla qəbul olunub. ADPU builki tədris ilində də tələbə qəbulunda uğurlu nəticələr əldə edib. Bütövlükdə ADPU-ya filiallar və kolleclə birlikdə  4186  nəfər tələbə qəbul olunub.

 

“2019-2020-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsi  üzrə qəbulun nəticələri haqqında” məlumat verən Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov bildirib ki, ADPU-ya ali təhsilin magistratura səviyyəsində 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Magistraturaya qəbul planı 91,4% dolub.

 

Daha sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

Sonda rektor C.Cəfərov yeni tədris ilində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.