Sentyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetə qəbul olunmuş I tədris ili tələbələrini və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə yeni-yeni uğurlar arzulayıb.

 

Rektor qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 nəfər tələbə qəbul olunub. 1442 nəfər tələbə dövlət sifarişi əsasında, 856 nəfər tələbə isə ödənişli əsaslarla qəbul olunub. Bu il ADPU-ya qəbul planı 96,4% dolub. Bütövlükdə ADPU-ya filiallar və kolleclə birlikdə  4186  nəfər tələbə qəbul olunub.

 

C.Cəfərov bildirib ki, bu il 338 nəfər gənc 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Onlardan 189 nəfər Filologiya fakültəsinə, 63 nəfər Tarix və coğrafiya fakültəsinə, 48 nəfər Riyaziyyat fakültəsinə, 27 nəfər Kimya və biologiya fakültəsinə, 11 nəfər İbtidai təhsil fakültəsinə qəbul olunub. 1 nəfər 608 bal toplayaraq Riyaziyyat fakültəsinə qəbul olunub. ADPU-nun 5 filialı üzrə 27 nəfər 500-dən çox, 2 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 365 nəfərdir. Cari tədris ilində filiallarla birlikdə 3 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu il  ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulun nəticələri də qənaətbəxşdir. Belə ki, ADPU-ya ali təhsilin magistratura səviyyəsində 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Onlardan 125 nəfəri dövlət sifarişi əsasında, 185 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul planı 91,4% dolub.

 

C.Cəfərov çıxışının sonunda vurğulayıb ki, ADPU son illər cəmiyyətdə öz nüfuzunu bərpa edə bilib: “Biz inanırıq ki, siz universitetimizin adını daha yüksəklərə qaldıracaqsınız. Qoy yeni tədris ili yeni uğurlar, yeni sevinclər  gətirsin”.

 

Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müəllimi Samirə Ramazanova, 608 balla Riyaziyyat fakültəsinə qəbul olunmuş Gülnar Qasımzadə, övladı ADPU-ya qəbul olunmuş Cocuq Mərcanlı kənd sakini Elman Piriyev, Tələbə Gənclər Təşkilatının sədri Nurlan Hüseynov çıxış edərək müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər, onlara uğurlar arzulayıblar.