Bakı Mühəndislik Universitetində (BMU) 2019-2020-ci tədris ilinin başlaması münasibəti ilə tədbir təşkil olunub. Tədbirdə universitetin professor-müəllim heyəti, valideynlər və tələbələrlə yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova,  millət vəkili, Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Sona Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik  Arif Həşimov iştirak edib.

 

Universitetin rektoru, professor Havar Məmmədov professor-müəllim heyəti adından tədbir iştirakçılarını salamlayıb və tələbə adını qazananları təbrik edib. Rektor ölkəmizdə əsası umummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

H.Məmmədov bildirib ki, BMU-ya təhsilin bakalavr və magistr səviyyələrinə qəbul yüksək səviyyədə olub. Belə ki, 2019/2020-ci tədris ili üzrə 212 nəfər magistr, 1028 nəfər isə bakalavr ixtisaslarını seçib. Bakalavr səviyyəsi üzrə 132 nəfər 500-600 bal arası, 42 nəfər 600-dən çox bal toplayıb. Bakalavriat səviyyəsinə qəbul olanlardan 489 nəfəri dövlət sifarişlidir.

 

Daha sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başcısı İ.Gülməmmədova “Bilik günü” münasibəti ilə universitetin müəllim və tələbə heyətini təbrik edib. O, cənab Prezident İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. İ.Gülməmmədova son illərdə ölkəmizdə, eləcə də Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən və yeni tikilən təhsil ocaqları barədə ətraflı məlumat verib.

 

Millət vəkili, MM-sin Elm və təhsil komissiyasının üzvü S.Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik A.Həşimov çıxış edərək gənclərin layiqli vətəndaş kimi yetişməsində universitetin rolundan danışıblar. S.Əliyeva təhsil sahəsində aparılan islahatlar və həyata keçirilən dövlət proqramları haqqında da ətraflı bəhs edib.

 

Bu il ən yüksək nəticə göstərərək 666.70 balla BMU-nun Pedaqoji fakültənin Riyaziyyat və İnformatika müəllimliyi (ingiliscə) ixtisasına qəbul olan Zəhra Quliyeva və BMU-ya qəbul olan Həsənzadə Səadətin valideyni Həqiqət Həsənzadə çıxış edərək sevinc hisslərini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Sonda yüksək bal toplayaraq BMU-a qəbul olan tələbələrə hədiyyələr və tələbə biletləri təqdim olunub.