Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Türkiyə Milli Botanika Bağının bir qrup əməkdaşı AMEA Botanika İnstitutunun qonağı olublar.

 

Botanika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d. Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

 

Görüşdə  yüksək kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulanıb.

 

V.Əlizadə qonaqlara Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında  məlumat verib.

 

Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.