Sentyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019/2020-ci tədris ilində ali təhsilin magistratura səviyyəsinə qəbul olunan magistrantlarla  görüş keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov yeni qəbul olunan magistrantları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor ADPU-da uğurla həyata keçirilən təhsil islahatları barədə ətraflı məlumat verib.

 

C.Cəfərov qeyd edib ki, 2019/2020-ci tədris ilində ADPU-nun magistratura səviyyəsinə 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Rektor son illər universitetin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, ADPU həm də bir çox xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlayıb.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tarix və  coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev çıxış edərək universitetdə görülən işləri müsbət qiymətləndirib və yeni qəbul olunan magistrantlara təhsildə uğurlar arzulayıblar.

 

Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov şöbənin strukturu, kredit sistemi ilə tədrisin təşkili, magistratura səviyyəsində qiymətləndirmə və təqaüdlərin verilməsi qaydaları barədə magistrantlara məlumat verib.

 

Görüşün sonunda magistraturaya yüksək balla qəbul olunan magistrantlara tələbə bileti təqdim edilib.