Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə 16-24 sentyabrda Bakıda “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda keçiriləcək “Yay Məktəbi”nin açılışı olub.

 

Rektor Elmar Qasımov çıxışında neft-qaz sənayesinin inkişaf etdiyi ölkədə alternativ enerji mənbələrinə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsinə, sənayenin yaratdığı ekoloji problemlərin alternativ üsullarla aradan qaldırılmasına böyük önəm verilir: ““Bu gün ekoloji problemlərin qarşısını almaq üçün alim, elmi-tədqiqat işçiləri ilə yanaşı, mühəndislər də müxtəlif üsullar axtarıb-tapırlar. Bu baxımdan hesab edirəm ki, yüksək ixtisaslı mühəndislər yetişdirən Bakı Ali Neft Məktəbinin “Yaşıl Enerjinin İdarə Olunması” üzrə “Yay Məktəbi”nə ev sahibliyi etməsi təqdirəlayiqdir”.

 

İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar bildirib ki,  enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri hər zaman alimləri və qlobal şirkətləri düşünməyə vadar edir: ““Yay Məktəbi”nin Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Ali Neft Məktəbinin yüksək təşkilatçılığı sayəsində təşkil ediləcək tədbirlərin yaşıl enerjinin idarə olunması istiqamətində faydalı olacağına inanıram”.

 

Milan-Bikokka Universitetində İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru Silvana Stefani,  2013-cü ildə ilk dəfə Milanda təşkil edilən “Yay Məktəbi”nin daha sonra İspaniya, Qazaxıstan kimi ölkləri də əhatə etdiyini qeyd edib: “Bu il “Yay Məktəbi” çərçivəsində Azərbayanda keçirilən silsilə tədbirlər, növbəti illərdə Misir və Birləşmiş Ərəb Əmirliklərində də təşkil ediləcək. Biz Azərbaycanda reallaşdırılan “Yay Məktəbi”nin sonunda qlobal enerji problemlərinin həllinə töhfə verəcək nəticələrin əldə olunacağına ümidvarıq”. S.Stefana qeyd edib ki, azərbaycanlı alim və tələbələr digər ölkələrdə keçirilən “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbində də  iştirak edə bilərlər.

 

Tədbirdə İtaliya, Birləşmiş Krallıq, Fransa, Almaniya, İspaniya, İsveç, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi  ölkələri 50-dən çox nümayəndə təmsil edir.

 

İştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək mühazirələri dinləmək, eləcə də, müxtəlif məşğələlərdə iştirak etmək imkanı qazanacaq.

 

Ali Neft Məktəbinin tələbələri və müəllimləri “Yay Məktəbi”nin fəal iştirakçılarıdırlar. “Yay Məktəbi”nin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr veriləcək.