Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə “UNESCO” kafedrasının Milli irsin öyrənilməsi üzrə “Günəşin axtarışında” İşçi qrupunun “Qeydiyyatda olmayan tarixi abidələr haqqında pasport informasiyasının toplanılması, sistemləşdirilməsi və yerləşdirilməsi” mövzusunda seminarı keçirilib.

 

Tədbirdə tarixi, arxeoloji və memarlıq abidələrin qorunması məqsədilə dövlət qurumlarına dəstək, əhalinin zəruri biliklərlə məlumatlandırılması və könüllülərə informasiyanın toplanılması alqoritminin təqdim edilməsi məsələləri müzakirə olunub.

 

Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində son dövrdə “Günəş axtarışında” İşçi qrupu ilə Azərbaycanın mədəni-tarixi irsinə aid görülən işlərdən danışıb. O bildirib ki, seminarın məqsədi reyestri olmayan tarixi abidələrin qeydiyyata alınması, onlar haqqında ilkin məlumatın formalaşdırılması və informasiya şablonunun təqdim edilməsidir.

 

Hüquq və İnsan haqqları İnstitunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov 2 il öncə MEK-in nəzdində yaradılmış “UNESKO” kafedrasının araşdırılmamış və qeydə alınmamış fiziki vəziyyəti qənaətbəxş olmayan abidələr, məzarlar, dini məbədlər, “milli marker” hesab edilən qoçdaşlar haqqında məlumatların toplanılması, sistemləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Sınaq layihəsi kimi fəaliyyətə Azərbaycanın qərb regionundan – Gədəbəy, Qazax, Şəmkir bölgələrindən – başlanıldığını bildirən R.Hüseynov qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə fikirlərini bölüşüb.

 

Tədbirdə “Günəşin axtarışında” İşçi qrupunun üzvləri çıxış edərək adı çəkilən abidələr haqqında informasiya şablonunun hazırlanması, yerli əhalinin təlimatlandırılması, könüllərin cəlb edilməsi barədə təkliflərini səsləndiriblər.