Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Tamam Cəfərovanın rəhbərlik etdiyi universitet kollektivi Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub. Səfər ADU rektorunun göstərişi ilə universitet və Cocuq Mərcanlı kənd məktəbi arasında il boyu davam edən dayanıqlı əməkdaşlıq proqramı çərçivəsində və “Bilik günü” münasibəti ilə baş tutub.

 

Səfər zamanı prorektor T.Cəfərova məktəbin xarici dil kabinetinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan hər bir müasir avadanlıq, əyani vəsaitlər, dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından bundan sonra məktəb müəllimləri və şagirdlər faydalana biləcəklər.

 

T.Cəfərova ümidvar olduğunu bildirib ki, ADU-nun Cocuq Mərcanlıya töhfəsi olan bu kabinet gələcəkdə neçə-neçə tələbənin, xarici dil mütəxəssislərinin hazırlanmasında əvəzsiz rol oyanacaq.

 

Prorektor, eyni zamanda bu sinif otağında ADU-nun məzunu olan Məsmə Zeynalovanın dərs deyəcəyinin də sevindirici hal olduğunu, ADU-nun öz məzunlarını daimi izlədiyini və dəstəklədiyini vurğulayıb.

 

Məzun M.Zeynalova müəllimlər üçün diaqnostik qiymətləndirmədə ən yuxarı bal yığan müəllimələrdən olub, daha sonra könüllü və israrla Cocuq Mərcanlı məktəbində ingilis dilini tədris etməyə can atıb, hazırda məktəbdə ingilis dili məşğələlərini aparmaqdadır.

 

Sonra T.Cəfərova “Bilik günü” münasibəti ilə Təhsil Nazirliyinin tövsiyəsinə əsasən məktəbin 8-ci sinif şagirdlərinə “Mütaliə - uğura aparan yol” mövzusunda açıq dərs keçib.

 

Universitet kollektivi birinci sinif şagirdləri üçün gətirdikləri dərs ləvazimatlarını, məktəb kitabxanasını zənginləşdirmək üçün nəzərdə tutulan yeni ədəbi nəşrləri məktəbə hədiyyə edib.

 

Bununla yanaşı, universitetin Fransız dilinin leksikası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova 1 həftə müddətində könüllü olaraq Cocuq Mərcanlıda qalacaq, məktəb şagirdlərinə fransız dili və mədəniyyəti haqqında məşğələlər keçəcək.