Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib, Ülvi Bünyadzadənin xatirələrdə, qəlblərdə yaşadağını diqqətə çatdırıb: “Mən ona auditoriyada dərs demişəm, ünsiyyətimiz olub. Həqiqətən də insanlarda qəribə xüsusiyyət var. Onlar öz adlarını doğruldurlar. Ülvi həqiqətən də ülvi hisslərlə yaşayan, ülviliklə, təmizliklə dolu olan insan idi. Onun həmin qanlı yanvar günlərində şəhid olması, bəlkə də təsadüfi deyildi. Çünki Ülvi o ağır məngənədə sıxılıb yaşaya bilməzdi. O, çılğın, üsyankar, alovlu nitqlər söyləyən insan deyildi, sakit, başıaşağı, son dərəcə tərbiyəli, qəlbləri ovsunlayan oğlan idi. Gözəl şeirlər yazırdı. Biz onun şeirlərini, bədii yaradıcılığını öz universitetimizdə əbədiləşdirmək üçün bir sıra addımlar atmaq fikrindəyik, şeirlərini universitetdə tədris olunan bütün dillərə tərcümə etməyi düşünürük. Biz sevinirik ki, Ülvi Bünyadzadə bu gün yalnız bizim yaddaşımızda yaşamır, bötüvlükdə xalqımızın yaddaşında yaşayır”.

 

Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Könül Bünyadzadə qardaşı haqqında xatirələrini bölüşüb və deyib ki, insanlar Ülvinin addımları, düşüncələri ilə qürur duyurlar: “Şəhidlik həm qanla, həm də qələminlə olur. Əgər sən öz ömrünü xalqa həsr edirsənsə, deməli sən də şəhidsən. Ülvi şeirlərində dediklərini həm də qanı ilə sübut etdi. Mən həmişə bu universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizlərdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Bizim ailəmiz bu universitetdə hər zaman xoş, isti münasibət görüb. Ülvinin nəfəsini bu universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm”. 

 

“525-ci qəzet”in redaktor müavini, tərcüməçi-publisist Seyfəddin Hüseynli, ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Ülvi Bünyadzadənin bədii irsi, tələbəlik illərindən söz açıb, xatirələrini bölüşüblər.

 

Şakir CƏFƏROV