Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”na dair müzakirə aparılıb.

 

Proqramla bağlı çıxış edən AMEA-nın prezidenti, kademik Akif Əlizadə bildirib ki, müasir zamanın çağırışlarından, eyni zamanda, respublikanın modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gələrək, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulub.

 

A.Əlizadə Prezident İlham Əliyevin elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrlar hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və digər məsələlərə toxunub.

 

Akademik qarşıya qoyulmuş vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə növbəti beşillik mərhələ üçün “2020-2025-ci illər üzrə AMEA-nın Milli İnkişaf Proqramı”nın hazırlanmasına zərurət yarandığını vurğulayıb.

 

Rəyasət Heyəti proqramın hazırlanmasını məqsədəuyğun hesab edib və sənədin icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb. Həmçinin, AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə proqramla bağlı təkliflərini işçi qrupa təqdim etmək tapşırığı verilib.