Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Təhsil Nazirliyi ilə birlikdə orta ümumtəhsil və ali təhsil müəssisələrində “Azərbaycan muğamının əsasları” adlı tədris-praktik fənnin təlim edilməsi barədə qərar qəbul olunub.

 

İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Azərbaycan muğamının musiqi brendi kimi, xüsusən, milli dövlətçiliyimizin möhkəmləndiyi hazırkı epoxada müstəsna rolundan, milli identikliyin mühüm amillərindən biri kimi tanınmasından bəhs edilib.

 

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. İclasda Heydər Əliyev Mərkəzi ilə birgə “Muğam festivalı” çərçivəsində “Azərbaycan muğamı dünya musiqisi kontekstində” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi, muğamşünaslıq elmini daha da inkişaf etdirmək məqsədilə AMEA və Beynəlxalq Muğam Mərkəzinin birgə təsisçiliyi ilə Milli Muğam Mərkəzinin yaradılması, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə orta ümumtəhsil və ali təhsil müəssisələrində “Azərbaycan muğamının əsasları” adlı tədris-praktik fənnin təlim edilməsi, virtual mühitdə Azərbaycan muğamına həsr edilmiş proqram və saytların hazırlanması və bir neçə dildə qlobal miqyasda təbliği, musiqiterapiya (muğamla müalicə) istiqamətində gənc kadrların hazırlanması, muğamın tədqiqata cəlb olunması və digər məsələlərlə bağlı qərar qəbul olunub.