Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İlievin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetinə (BSU) beş günlük ezamiyyətə gəlib.

 

Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, müstəqillik dönəmində iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olmasından danışıb.

 

BSU-nun rektoru Bolqarıstanın VelikoTırnovo Universitetində tələbə -müəllim heyəti ilə keçirdiyi görüşləri xatırladıb. O, həmin görüşdə adıçəkilən universitetdə Azərbaycan dili mərkəzinin yaradılması və  Azərbaycan dilinin seçmə fənn kimi tədris edilməsi barədə razılaşma əldə etdiklərini bildirib. Rektor, həmçinin Bolqarıstan Respublikasının birinci vitse-prezidentlərinin BSU-da olmalarına toxunub.

 

Veliko Tırnovo Universitetinin rektoru  X.İ.Bondjolov öz növbəsində Bolqarıstanın Azərbaycanla tarixən dostluq əlaqələrinə malik olduğunu bildirib. Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən rektor rəhbəri olduğu universitetlə BSU arasındakı əməkdaşlığın Azərbaycan və Bolqarıstan dostluq münasibətlərində mühüm rol oynayacağını bildirib. BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını qeyd edən X.İ.Bondjolov Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə sadiq bir xalq olduğunu deyib. Rektor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bolqarıstanda Veliko Tırnovo şəhərinin Fəxri vətəndaşı adı verilməsindən və ona Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunmasından da söz açıb.

 

Sonra rektorlar universitetlər arasında ikitərəfli müqaviləni imzalayıblar. Müqavilənin əsas şərtlərindən biri BSU tələbələrinə ikili diplomların verilməsi olacaq. Bundan əlavə, müqavilədə tələbə mübadiləsi aparılması, bolqarşünaslıqla məşğul olan gənclərin adıçəkilən universitetdə praktika keçməsi və digər məsələlər nəzərdə tutulur.   

 

Qonaqlar BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, universitetin muzeyi, kitabxana ilə yaxından tanış olublar. Bunun ardından onlar BSU-nun Bolqar dili Tədris və Mədəniyyəti Mərkəzində bolqarşünaslıq üzrə təhsil alan tələbələrlə görüşüblər. Tələbələrin bolqar dilində səlis danışığı rektor X.İ.Bondjolov tərəfindən yüksək qiymətləndirib. Qonaqlar mərkəzin kitabxanasına bolqar dilində kitablar bağışlayıb.