Azərbaycan Milli Elmlər Akademiyasında (AMEa) görkəmli torpaqşünas alim, AMEA-nın həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi Vladimir Rodionoviç Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.

 

Tədbirdə AMEA-nın prezidenti akademik Akif Əlizadə yığıncağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2019-cu il tarixli "Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirildiyini bildirib. Görkəmli alimin həyat və yaradıcılığından, onun elmi və elmi-təşkilati fəaliyyətindən danışan natiq vurğulayıb ki, V.Volobuyevin torpaqşünaslıq elminin inkişafında mühüm xidmətləri olub. Onun elmi fəaliyyətinin, əsasən genetik torpaqşünaslıq və şoran torpaqların meliorasiyası, meliorasiyanın və meliorativ rayonlaşdırmanın ərazinin geomorfologiyası ilə əlaqələndirilməsi, relyefin plastikasından istifadə etməklə geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlim arasındakı qarşılıqlı əlaqə, torpaqların ekologiyası, torpaqəmələgəlmənin energetikası və digər elmi problemlərin tədqiqinə həsr olunduğunu diqqətə çatdırıb.

 

Akademik A.Əlizadə görkəmli alimin bir sıra mühüm vəzifələrdə çalışdığını bildirib. Alimin Azərbaycanda torpaqşünaslıq və meliorasiya elminin inkişafına böyük töhfələr verdiyini deyən A. Əlizadə onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

 

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov "Biologiya və aqrar elmlərin inkişafında akademik Vladimir Volobuyevin rolu" mövzusunda məruzə ilə çıxış edib.

 

Tədbirdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri aqrar elmlər doktoru Mustafa Mustafayev "Akademik Vladimir Volobuyevin elmi və elmi-təşkilati fəaliyyəti" mövzusunda məə dinlənilib.

 

Tədbirdə, həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq biologiyası laboratoriyasının müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pirverdi Səmədov, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Drenaj laboratoriyasının müdiri texnika elmləri doktoru, professor Eyvaz Eyvazov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya su təsərrüfatı tikintisi kafedrasının professoru texnika elmləri üzrə fəlsəfə doktoru Yaşar Qəhrəmanlı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq proseslərinin dinamikası laboratoriyasının müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Niyazi Süleymanov görkəmli alimin həyat və elmi fəaliyyətindən danışaraq akademiklə bağlı xatirələrini bölüşüblər.