Fevralın 20-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın Yüksək  Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti ilə tanış olub.

AMEA-dan verilən məlumata görə, öncə “YT Park”ın rezidentləri – Təcrübə-Sənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib, pilotsuz uçan aparatların istehsal sahələri, “YT Park”ın mərkəzləşdirilmiş analitik laboratoriyası və radio ekoloji monitorinq sistemi ilə yaxından tanışlıq olub. Sonra qonağa “YT Park”ın fəaliyyət istiqamətləri, gələcək inkişaf planları, ayrı-ayrı rezidentləri haqqında daha ətraflı məlumat vermək üçün tədbir təşkil olunub.

Tədbirdə akademik Akif Əlizadə Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafında dövlət qayğısından danışıb, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamına əsasən Yüksək Texnologiyalar Parkının yaradılması bunun bariz nümunəsidir. Akademik iki dövlət qurumu arasında əməkdaşlığın gələcək perspektivlər üçün önəm daşıdığını vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi,   general-polkovnik Elçin Quliyev  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə AMEA arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə görülmüş işlərdən bəhs edib. AMEA “YT Park” ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək gələcəkdə bu istiqamətdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif  Fərzəliyev Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının vacibliyini qeyd edib.

AMEA YT Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyindən danışıb.

Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Ayaz Məmmədli, “Azeltech” MMC-nin direktoru Samir Süleymanov və “DN Technologies” MMC-nin nümayəndəsi Ceyhun Nabadov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatlar ediblər.

 

Samirə KƏRİMOVA