Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco Overseas”in nümayəndə heyəti ilə görüşüb. Görüşdə şirkətin  Azərbaycan nümayəndəliyinin baş direktoru Ahmad M. Al Şiha, onun müavini Abdullah M. Al Zahrani, biznesin inkişafı üzrə meneceri Murad Sadixov, Bakı Ali Neft Məktəbinin prorektoru Rəşad Həsənov, Ali Məktəbin aidiyyatı şöbə və kafedralarının əməkdaşları iştirak edib.

 

Rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. O bildirib ki, Bakı Ali Neft Məktəbində yüksək ixtisaslı ingilisdilli mühəndis kadrlar hazırlanır. Bununla yanaşı, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil həyata keçirilir.

 

BANM-in tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayan rektor  Ali Məktəbin “Aramco Overseas” ilə də bu istiqamətdə birgə əməkdaşlığa maraqlı olduğunu bildirib.

 

“Aramco Overseas” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Ahmad M. Al Shiha öz növbəsində bildirib ki,  Azərbaycanın Səudiyyə Ərəbistanı ilə  intensiv sosial-iqtisadi, mədəni əlaqələri mövcuddur:

 

“Bu gün bizim şirkətin əsas ofisində neft-qaz, mühasibatlıq, hüquq departamentlərində ləyaqətli, peşəkar azərbaycanlılar işləyir. Bilirəm ki, Azərbaycanda insanlar hədəfə köklənir. “Aramco Overseas”  şirkəti hər zaman yeni kadrlar axtarışındadır. Elə bu səbəbdən də, yeni peşəkar kadrların işə cəlb olunması istiqamətində BANM-in məzunlarından faydalana bilərik. Zəruri təlimlərdən sonra onların işə qəbul olunması mümkündür. Biz şirkət olaraq Səudiyyə Ərəbistanlı tələbələrin tam təqaüdlə  Bakı Ali Neft Məktəbində təhsil almasını təmin edə bilərik. Hər il bizim şirkətin təqaüd proqramları çərçivəsində 500-dək tələbə Böyük Britaniya, ABŞ, Koreya, Yaponiya, Çin, Sinqapur və Almaniya kimi ölkələrdə təhsil alır”.

 

Sonda birgə əməkdaşlığın genişləndirilməsi üçün memorandumun imzalanması qərara alnınıb.

 

Məlumat üçün bildirək ki, neftin hasilatı və neft ehtiyatlarının həcmi baxımından dünyanın ən böyük neft şirkətlərindən olan “ Aramco Overseas” 1933-cü ildə Səudiyyə Ərəbistanı hökuməti ilə ABŞ-ın “Standard Oil of California” şirkəti tərəfindən  təsis olunub.