Bakı Mühəndislik Universitetində (BMU) “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə universitetin rəhbərliyi və “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin Qazaxıstandakı Mərkəzi Asiya Xidmət Mərkəzinin Regional xidmət meneceri Gert-Jan Verhagen, Məhsullar Mərkəzi şöbəsinin mütəxəssisi Erwin Doorenspleet və Azərbaycanda “Sigma Technical Services” şirkətinin Biznesin inkişafı üzrə meneceri Samir Elyazov və tələbələr iştirak ediblər.

    

Universitetin Xarici əlaqələr üzrə prorektoru Manafəddin Namazov universitetin statistik göstəriciləri və uğurları barədə ətraflı bəhs edib. Nümayəndə heyətinə “Endress+Hauser” və “Sigma Technical Services” şirkətinin istehsal etdiyi sensorların işləmə prinsipi, seçilməsi, avtomatlaşdırılma istifadə qaydası haqqında məlumat verilib.

    

Daha sonra tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub, tələbələrin təcrübə-istehsalat proqramları ilə bağlı danışıqlar aparılıb.

    

Qeyd edək ki, 1970-ci ildən fəaliyyət göstərən “Endress-Hauser İnstruments İnternational AG” şirkəti istehsal prosesinin ölçülməsi və avtomatlaşdırılması üçün məhsullar və xidmətlərin aparıcı təchizatçısıdır. Ölkəmizdə “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin avadanlıqları bir sıra tanınmış şirkətlərdə istifadə edilir.