AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbir keçirib.

 

Tanınmış türkoloq Güllü Yoloğlu 2009-cu il oktyabr ayının 3-də Naxçıvan şəhərində təşkil olunan türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən danışıb. Bildirib ki, görüşdə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin həmin təşkilatların təsisçi üzvləri olduğunu deyən G.Yoloğlu artıq Özbəkistanın da bu Sazişə qoşulduğunu, Macarıstanın isə müşahidəçi üzv kimi iştirak etdiyini bildirib.

 

Şura təsis olunduqdan sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçiriləcəyini bildirən G.Yoloğlu 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gələcəyini söyləyib.

 

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, türkdilli ölkələrin tanınmış təşkilatları beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin təbliği sahəsində fəal rol oynayır.  TDƏŞ də dünyada və regionda türkdilli ölkələr arasında müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir, həmçinin uğurlara imza atır.

 

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın da iştirak etdiyi tədbirdə 3 oktyabr tarixinin türk birliyi günü kimi hər il qeyd olunması təklifi səsləndirilib. Həmçinin Dünya Türkologiya Mərkəzinin Nizamnaməsi təqdim edilib və tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.