AMEA-nın Yer Elmləri Bölməsi, Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

 

Şahvələd Xəlilov 100-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın  müəllifidir. Həmçinin ASE-nin VI-X cildlərində Azərbaycanın çayları, gölləri və su anbarlarına aid 50-dən artıq məqaləsi  çap edilib. 12 elmi əsəri xarici ölkələrdə nəşr olunub. 20 il ərzində Azərbaycan televiziyasının ən çox sevilən “Səyahət” və “Sovet Azərbaycanına səyahət” elmi-kütləvi verilişlərinin aparıcısı olub.

 

Ş.Xəlilov coğrafiyaşünas alim olmaqla bərabər, eyni zamanda, ictimai xadim olmuş, Azərbaycan EA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azərbaycan müstəqillik əldə etdikdən sonra YAP Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri,  AR Prezidenti yanında AAK Ekspert şurasının üzvü olmuşdur.

 

Tədbirdə  akademik  Qərib Məmmədov, BDU-nun alimləri - coğrafiya fakültəsinin dekanı, c.e.d., dosent Şəkər Məmmədova,  Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Təbiəti mühafizə kafedrasının müdiri, c.e.d., professor  Şövqi Göyçaylı, İqtisadi coğrafiya  kafedrasının müdiri, c.e.d., professor Tapdıq Həsənov, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, şair Oqtay Zəngilanlı və Coğrafiya İnstitutunun  aparıcı elmi işçisi Qəşəm Yaqubov çıxış edərək Ş.Xəlilov haqqında xatirələrini bölüşüb.

 

Alimin oğlu Eldar Xəlilov tədbirdə iştirak edən ailə üzvləri və qohumları adından atasının xatirəsinin əziz tutulduğuna və tədbirin təşkilinə görə institut rəhbərliyinə öz minnətdarlığını bildirib.