AMEA-nın Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə başlanılıb.

 

Iki həftə davam edəcək təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi, professor Əli Əkbər Rəsuli aparır.

 

İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, müasir zamanda CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edilir:”İnformasiyanın əldə olunması və emalı, onun istifadəçiyə çatdırılmasında CİS liderlik mövqeyini saxlayır. CİS-ə yer səthinə aid informasiyaların toplanması, inteqrasiyası və təhlili üçün xüsusi proqramlarla təchiz olunmuş kompüter sistemi kimi baxılır və onlar daim təzələnir. Ölkəmizdə CİS texnologiyaları geniş inkişaf etdirilir, onların nəzəri problemləri öyrənilir, praktikada tətbiq olunur. CİS texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi vacibdir, elmi- tədqiqat işlərinin intensivləşdirilməsi və yüksək ixtisaslı kadrlar hazırlanması zəruridir”.

 

Coğrafi informasiya sistemlərinin yaranması və mahiyyəti barədə məlumat verən professor Əli Əkbər Rəsuli  qeyd edib ki, ətraf mühitin monitorinqində, təbii fəlakətlərin və təbii resursların idarə olunmasında CİS vasitəsi ilə əvvəlcədən təhlükələrin aşkar edilməsi və fəlakətlərin qarşısının alınmasında CİS təhlilinin zəruriliyi meydana çıxır.