Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan və Türk dünyası” mövzusunda universitetin tələbələri ilə görüş keçirilib.

 

Görüşdə universitet  rəhbərliyi,  millət vəkili Qənirə Paşayeva, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin direk­toru  Samir Abbasov,  Xalqlararası Antik Dünya Elmi Akademiyasının doktoru, professor Babaxan Şərif, AMEA-nın  Tarix İnstitutunun fəxri doktoru Şöhrət Salamov, Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı və başqa qonaqlar iştirak ediblər.

 

Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra universitetin rektoru Cəfər Cəfərov tədbirdə iştirak edənləri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu çatdırıb. O deyib ki,  Azərbaycana dost və qardaş olan, dünya mədəniyyəti xəzinəsinə töhfələr verən  Özbəkistanın mədəniyyətinə, tarixinə daha yaxın olmaq şansı əldə edilib.

 

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir. O,  Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin tarixi köklərindən, bu istiqamətdə böyük işlər görmüş şəxsiyyətlərimiz barədə geniş danışıb. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı ilə bağlı məlumat verib. 

 

Tədbirdə çıxış edən Xalqlararası Antik Dünya Elmi Akademiyasının doktoru, professor Babaxan Şərif  “Özbək-Azərbaycan” lüğətini rektor Cəfər Cəfərova təqdim edib.