Azərbaycan Beynəlxalq Təhsil sərgisi çərçivəsində Avropa İttifaqı universitetlərinin də təqdimatı olub.

 

Təqdimatda iştirakçılara Avstriya, Latviya, Fransa, Rumıniya və Macarıstanda təhsil, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və “Erasmus+” proqramı, eyni zamanda bu ölkələrin ali təhsil sistemi, tədris proqramı, müxtəlif təqaüd proqramları və universitetlərə qəbul qaydaları barədə məlumat verilib.

 

İnteraktiv şəkildə davam edən təqdimatda suallar cavablandırılıb.

 

Məlumat üçün bildirək ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Avropa İttifaqının birləşmiş stendi debüt edir. Stenddə Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.

 

Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi də nümayiş olunur. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı təqdim edilir.