Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Beynəlxalq Təhsil sərgisində iştirak edən Moskva Politexnik Universitetinin Beynəlxalq inteqrasiya və xarici tələbələrlə iş üzrə idarəsinin rəisi İrina İvanova, Rusiya Dövlət Universitetinin Dizayn İnstitutunun direktoru Yekatirina Qurova, Kazan Federal Universitetinin Beynəlxalq fəaliyyət üzrə dekan müavini Liliya Yafuzova, Cənub Federal Universiteti İnformasiya texnologiyalarının təhlükəsizliyi kafedrasının müdiri Yevgeni Abramovla görüşüb.

 

Universitetin rektoru Nurlana Əliyeva BSU-nun yaranma tarixi, fakültələri, ixtisasları, tədris prosesi, professor-müəllim heyəti, iştirak etdiyi yerli və beynəlxalq layihələr, xarici əlaqələri, universitetdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, universitetin xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzləri barədə ətraflı məlumat verib.

 

Rektor qeyd edib ki, BSU təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir.

 

Rusiya universitetlərinin rəhbərliyi təmsil etdikləri ali təhsil müəssisələrinin tədris prosesi və elmi-tədqiqat fəaliyyəti haqqında məlumat veriblər. Xüsusi vurğulanıb ki, BSU-nun 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində  təqdim etdiyi zəngin stend onlarda xoş təəssürat yaradıb.

 

Görüşdə elm və təhsil sahəsində gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub və  müvafiq qərarlar qəbul edilib.