“Clarivate Analytics” agentliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi Əminağa Sadıqovla görüşüblər.

 

Görüşdə AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Ə. Sadıqov Akademiyanın bütün elmi müəssisə və təşkilatlarından alim və mütəxəssislərin “Web of Science” bazasından geniş istifadə etdiyini bildirib və baza məlumatları əsasında AMEA-nın statistik və analitik göstəricilərinin əvvəlki illərlə müqayisədə keçən il daha yüksək olduğunu qeyd edib. O, “Clarivate Analytics” təşkilatı ilə fəal əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

 

Təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov “Web of Science” bazasında AMEA ilə bağlı elmi-analitik məlumatları diqqətə çatdırıb və ümumilikdə bu bazada elmi əsərlərin sayına görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ön sırada yer aldığını bildirib.

 

 “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə AMEA-nın elmi jurnallarının bu bazanın tələblərinə uyğun təkmilləşdirilməsi üçün təşkilatın ekspertləri tərəfindən xüsusi seminarların təşkil ediləcəyini, eyni zamanda  “Web of Science” məlumat bazasının yeni imkanlarından istfadəsinə  dair təlimlərin keçiriləcəyini vurğulayıb.  

 

“Clarivate Analytics” təşkilatı ilə növbəti illər üçün müqavilənin hazırlanması və imzalanmasına dair fikir mübadiləsi aparılıb, sənəddə yer alacaq məsələlər müzakirə edilib.