Azərbaycan Dillər Universitetində (ADU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu qeyd edib. Rektor 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin Avropa səviyyəsində qeyd olunduğunu xatırladıb.

 

Həmin dövrdən etibarən Nəsimi hərəkatının başladığını deyən rektor Nəsimi ruhunun bu gün də onun davamçılarının timsalında özünü göstərdiyini vurğulayıb. Nəsiminin multikultural dəyərlərə verdiyi töhfələrdən danışan rektor hazırda görkəmli xadimlər, ədəbiyyat nümayəndələri tərəfindən Nəsimi ideologiyasının davam etdirilərək  yaşadığını diqqətə çatdırıb.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva universitetlə bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində birgə fəaliyyət göstərərək bir çox konfransların, tədbirlərin həyata keçirildiyini qeyd edib. O, bu yaxınlarda Şotlandiyada Nəsimi poeziyası gecələrinin yüksək səviyyədə keçirildiyini də xatırladıb. Gerçək sənətin sərhədləri keçdiyini bildirən G.Əfəndiyeva Nəsimi fəlsəfəsinin də bu nöqteyi-nəzərdən heç bir cahana sığmadığını, çərçivələrdən çıxdığını sözlərinə əlavə edib.

 

Professor Qəzənfər Paşayev, İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov, türkoloq Fikrət Türkmən və başqaları Nəsimi yaradıcılığının incəliklərindən danışıb, Nəsiminin bu gün də yaşadığını və yaşayacağını bildiriblər.

 

Konfrans “Nəsimi və müasirlik”, “Nəsimi və bəşəri ideyalar” və “Nəsimi hürufizmi dünya ədəbi-fəlsəfi fikir kontekstində” mövzusunda bölmə iclasları ilə davam edib.