Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüşüb. 

 

O, diplomata Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb, Fransa-Azərbaycan arasındakı münasibətlərin bundan sonra da daim yaxşı məcrada inkişaf edəcəyinə ümidvar olduğunu deyib. 70 ildir fəaliyyət göstərən universitetin əsas məqsədinin fransız, ingilis və alman dili tədris edən müəllimlər hazırlaması olduğunu deyən akademik, sonrakı illərdə siyahıya son dərəcə vacib olan dillərin də əlavə edildiyini diqqətə çatdırıb. Kamal Abdulla 4 fakültənin, 3 kafedranın fransız dilinin tədrisi ilə məşğul olduğunu, hazırda fransız dili üzrə 430 tələbənin təhsil aldığını, 50 müəllimin tədrisi həyata keçirdiyini qeyd edib.

 

Rektor rəhbərlik etdiyi universitetlə Fransanın qabaqcıl təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın mövcud olduğunu da vurğulayıb. Universitet rəhbəri həyata keçirilən “Səfir saatı” klubunun fəaliyyəti ilə diplomatı tanış edib və onu həmin klubda tələbələrlə görüşüb müzakirələr aparmağa dəvət edib.

 

Səfir Zakari Qros deyib ki, ölkədəki fəaliyyətinin ilk günlərində səfirlik əməkdaşları ilə tanışlığı zamanı onların əksəriyyətinin məhz ADU-nun məzunu olmasını müşahidə edib. Səfir Azərbaycan və Fransa, həmçinin universitetlər arasındakı əlaqələrin möhkəmlənməsi üçün çoxsaylı işlərin görüləcəyinə əminliyini ifadə edib. 

 

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.