Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” adlı yeni romanı işıq üzü görüb.  Yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub.

 

Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir.

 

Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı dərkolunmayacaq qəribə aləmə aparır oxucunu. Hacı Mir Həsən ağa Səyyah risalə yazmaq üçün “Sirri-Xuda”dan yox, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin və. b sirlərinə bələd olmağı onların sərgüzəştlərindən yazmağı öhdəsinə götürür və məharətlə istəyinə çatır. Odunçu Əhmədin sirrindən tutmuş, ta Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri sizi başqa bir sirlər dünyasına aparacaq. Sona qədər oxuyun, nəticəni özünüz çıxaracaqsınız”.

 

Ə. Ağalarovun sözlərinə görə, bu kitab Kamal Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük yaradıcılıq nümunəsidir.

 

Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarından sonra sayca dördüncü romanıdır.