Azərbaycan Prezidenti İlham Əliyev ”Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasındakı tarixi çıxışından,  beynəlxalq arenada geniş müzakirələrə səbəb olmuş “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından sonra MDB Dövlət Başçıları Şurasının  Aşqabadda keçirilən zirvə görüşündə işğalçı Ermənistanın rəhbərliyinə daha bir zərbə vurdu.

 

Azərbaycan liderinin Aşqabad sammitindəki  çıxışı  da Azərbaycan Texniki Universitetində (AzTU) qürur və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müəllim-tələbə kollektivinin iştirakı ilə bu mövzuda  toplantı keçirilib.

 

AzTU-nun rektoru, professor Vilayət Vəliyev Prezident İlham Əliyevin hər iki çıxışının tarixi əhəmiyyətindən, xalqımızda qürur hissini gücləndirməsindən,  dövlət başçımızın sərt ittihamları qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın  gülünc və biabırçı vəziyyətə düşməsindən danışıb.

 

Tədbirdə vurğulanıb ki, erməni faşizmi nasizmdən daha qəddardır.

 

AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımovun sözlərinə görə,  Yerevanın mərkəzində faşist cəlladı, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması müharibə canilərini qəhrəmanlaşdırmaqdır və bu,  bəşəriyyətə qarşı cinayətdir.

 

Prezident İlham Əliyevin çıxışlarından qürurlandıqlarını vurğulayan iştirakçılar hesab ediblər ki, Paşinyan qətiyyən Azərbaycan lideri ilə hansısa yüksək görüş çərçivəsində dialoq apara biləcək səviyyədə, savadda və hazırlıqda deyil, son bir neçə gündə Prezident İlham Əliyev Ermənistanın baş nazirinə ikinci dəfə tərs bir sillə vurub.

 

Toplantıda  tələbələr adından  Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxış edib. İştirakçılar çıxışlarında Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə dəstəklərini ifadə ediblər.