Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr edilmiş yubiley tədbirində iştirak etmək üçün Sofiya şəhərində səfərdə olub.

 

Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə Akif Əlizadənin görüşündə iki ölkə arasında mövcud elmi əməkdaşlıq əlaqələrindən danışılıb, münasibətlərin bundan sonra daha da genişləndirilməsi, o cümlədən müxtəlif elmi istiqamətlərdə birgə layihələrin hazırlanması qərara alınıb.

 

Nümayəndə heyəti Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə görüşüb və tərəfləri  maraqlandıran bir sıra məsələlər müzakirə edilib.  Akif Əlizadə xanım T.Petkovaya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalını təqdim edib.

 

Daha sonra Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyi ziyarət olunub. Kiçik Qafqazda, Azərbaycanın Daşkəsən rayonu ərazisində tapılan qranat (Süleymandaşı) mineral daşı muzeyə hədiyyə edilib.

 

Səfərin ikinci günü Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasim keçirilib. Tədbirdə AMEA prezidentinin video-müraciəti nümayiş olunub, akademik A.Əlizadə yubileydə çıxış edib. Yubiley tədbirində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalskiyə hədiyyə təqdim edilib.