Bakı Dövlət Universitetində (BDU) Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. 

 

BDU-nun rektoru Elçin Babayev bildirib ki, 1991-ci il oktyabrın 18-də XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. Ölkəmiz müstəqilliyini xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra qoruyub saxlaya bilib. Rektor Ulu Öndər tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılmasından, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və bunun nəticəsində xarici investorların ölkəmizə gəlişi ilə iqtisadiyyatın güclənməsindən bəhs edib. Bildirib ki, ölkəmizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndərin tarixi xidmətləri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, regionda və dünyada baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.

 

BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov, dosent Kərəm Məmmədov və  Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov öz çıxışlarında müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan, qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.