Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ənənəvi olaraq keçirilən konfransın bu il görkəmli rejissor, “YUĞ” teatrının təsisçisi və rəhbəri Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunduğunu söyləyib.

 

Rektor Vaqif İbrahimoğlunu Azərbaycan teatr tarixində xüsusi mövqeyə malik sənətkar kimi xarakterizə edib. Diqqətə çatdırıb ki, qısa ömür yaşamasına baxmayaraq o, çox böyük işlər görüb, teatr sahəsindəki ideyaları və konsepsiyası bu gün də davam etdirilir.

 

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Türkdilli xalqların əsərləri Azərbaycan səhnəsində” mövzusundakı məruzəsində deyib ki,  Azərbaycan teatr tarixində türkdilli xalqların əsərlərinin tamaşa qoyulması xüsusi mərhələ təşkil edir:”Ötən əsrin əvvəllərindən etibarən qazax, qırğız, tatar, özbək, türkmən dramaturqlarının əsərləri Azərbaycan teatrında səhnələşdirilib. Lakin 1908-1930-cu illərdə Azərbaycan teatrında xüsusi vətənpərvərlik ideyası daha geniş vüsət aldı. Bununla bağlı tarixi əsərlərə müraciət olundu. Geniş şəkildə türkdilli xalqların keçdiyi həyat yolunun bədii təcəssüm olunduğu əsərlər Azərbaycan teatrının repertuarında yer aldı. Bu əsərlər təkcə Bakı teatrında deyil, Tiflis, Aşqabad, İrəvan, Dərbənd, Təbriz Azərbaycan teatrlarının repertuarına daxil edildi. 1950-ci illərdən başlayaraq türk dramaturgiyasına maraq daha da artmağa başladı. Belə ki, Türkiyə dramaturqlarının əsərləri daha çox üstünlük təşkil etməyə başladı”.

 

İlham Rəhimlinin sözlərinə görə, Azərbaycanda 1908-1919-cu illərdə geniş bir məkanda teatrın təşəkkülü və tərəqqisi üçün böyük işlər görülüb. Səmərqənddə, Daşkənddə, Buxarada, Aşqabadda və digər şəhərlərdə ilk teatr tamaşalarını azərbaycanlılar nümayiş etdiriblər. Türkmənistanda isə Azərbaycan teatrı həmin dövlətin öz teatrından da əvvəl 1904-cü ildə yaradılıb.

 

Konfransda T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya Kabdiyeva “Müasir qazax teatrında ənənələrin transformasiyası”, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə “Rejissor haqqında paradoks...”, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun professoru Temur Raşidov “Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)” və digər qonaqların məruzələri dinlənilib.

 

Konfransda türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, ideyalarını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, həmçinin humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak ediblər.