Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) prezidenti Şauna Nunan ilə görüşüb.

 

Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin fəaliyyətini, Azərbaycanla, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib.  Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə “Regional Tələbə İnkişafı Sammiti”nin artıq bir neçə dəfədir ki, Bakı Ali Neft Məktəbində keçirildiyini xatırladan rektor bildirib ki, burada bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir.

 

E.Qasımov BANM-in SOCAR-ın strukturunda yaradıldığını, ali məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin deyib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Biznesin İdarəedilməsi (Master of Business Administration) üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir.

 

Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.

 

Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyəti üzvlərinin 17 faizinin qadın mühəndislər təşkil etdiyini bildirən xanım Nunan həmçinin qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub.

 

O həmçinin, Neft Mühəndisləri Cəmiyyətinin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

 

“Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha zənginləşir və faydalı təcrübələr əldə edirlər ” – deyə SPE prezidenti vurğulayıb.

 

Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb.