AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Coğrafiya İnstitutunda ödənişsiz keçən coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə yekun vurulub.

 

İki həftə davam edən təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli, bir günlük seminar-məşğələni isə Cenevrə Universitetinin CİS üzrə aparıcı mütəxəssisi Dr. Yaniss Guigoz aparıb.

 

İnstitutun direktoru, akademik Ramiz Məmmədov bu məşğələləri keçənilkindən fərqləndirıb, iştirakçıların fəallığını  və marağını, professor Ə.Rəsulinin işə böyük məsuliyyətlə yanaşdığını,  təlimləri yeni-yeni proqramlar üzərində qurduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, bu proqram təminatlarından istifadə etməklə ölkəmiz haqqında daha dəqiq, düzgün və dolğun məlumat əldə etmək, işğal altında olan torpaqlarımıza tətbiq etmək mümkün olduğundan gələcəkdə də CİS proqramlarının geniş auditoriyada və daha dərindən mənimsənilməsi üçün bütün imkanlardan istifadə ediləcək.

 

Tədbirdə iştirak edən akademik Qərib Məmmədov CİS-in öyrənilməsinə və istifadəsinə həmişə böyük diqqət ayıran akademik R.Məmmədova treninqin təşkilinə görə təşəkkürünü bildirib, bu dərslərin böyük fayda verəcəyini diqqətə çatdırıb.

 

Professor Əli Rəsuli  bir azərbaycanlı kimi bu ölkəyə borclu və ona xidmətdən məmnun olduğunu bildirib. Sonra o, akademik R.Məmmədova belə treninqlərin təşkilinə geniş yer ayırdığına və bu sahədəki əməyinə görə minnətdarlıq edib. Professor  gələcək treninqlərdə peyk təsvirlərinin emalında Erdas Imagine proqram təminatı ilə yanaşı ENVI proqram təminatından istifadə qaydalarının öyrədilməsinə başlayacağını bildirib.

 

Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edib.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.