Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Fiziologiya İnstitutunda təmir-tikinti işlərinin gedişi ilə tanış olub.

 

İnstitutun direktoru, professor Ulduz Həşimova AMEA rəhbərini institutun akt zalı, şöbələri, laboratoriyaları və ərazidəki inzibati-laboratoriya binası ilə tanış edib.

 

Akif Əlizadə burada yeni yaradılan Eksperimental transplantologiya və immunafiziologiya laboratoriyası və digər otaqlara baş çəkib. Laboratoriyanın rəhbəri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan laboratoriyanın strukturu haqqında təqdimatla çıxış edib.

 

Binada eksperimentə cəlb ediləcək böyük və kiçik heyvanların saxlanılması üçün vivarium, heyvanlar üçün əməliyyatxana, immunafizioloji, toxuma histologiyası və digər bölmələrin olduğunu deyib. Alim laboratoriyada marginal donorların orqanlarından istifadə, immunoloji yöndən uğursuz donorların istifadəsi üçün yeni preparat və metodikaların işlənib hazırlanması, orqan rezervasiyası üçün mühitin yaradılması, yaşlı insanlarda orqan transplantasiyasının sərhədlərinin genişləndirilməsi, multiorqan transplantasiyasının həyata keçirilməsi kimi gələcək prioritet istiqamətləri sadalayıb.

 

R.Şolan laboratoriyanın gələcək fəaliyyətində Cənubi Koreya Respublikasının Yonsei Universitetinin təcrübəsindən yararlanılacağını diqqətə çatdırıb. Təqdimatda transplantologiyanın gələcəyindən söz açan laboratoriya rəhbəri uşaqlıq, ətrafların, bağırsaq və digər orqanların transplantasiyası məqsədilə tibbi tədqiqatların davam etdiyini də bildirib.

 

AMEA prezidenti aparılan təmir və yenidənqurma işlərini yüksək qiymətləndirib, yeni yaradılan laboratoriyanın akademiyanın tibbi təqdiqatların genişləndirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsi olduğunu deyib.