Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir.

 

Ekskursiyalar məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaq məqsədlərinə xidmət edir.

 

Heydər Əliyev Mərkəzi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqlarına, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Səməd Vurğunun Ev Muzeyi, Azərbaycan Hərb Tarixi Muzeyi, Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki  Aviasiya Muzeyi və digər muzeylərə məktəblilərin səfərləri həyata keçirilir.

 

Ekskursiyalar zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə yaxından tanış olurlar. Görkəmli şəxsiyyətlərin şəxsi əşyaları, əlyazmaları məktəblilər tərəfindən maraqla qarşılanır. Şagirdlər muzeylərin kolleksiya fonduna tamaşa edir, şagirdlərə ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

 

Qeyd edək ki, məktəblilər üçün ekskursiyaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.