“Azərbaycanda meşəçilik ixtisası üzrə mütəxəssis hazırlayan Dövlət Aqrar Universiteti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi  (ETSN) arasında imzalanmış ikitərəfli Anlaşma Memorandumu çərçivəsində universitetin 5 nəfər 2-ci kurs tələbəsi dünyanın qabaqcıl təhsil müəssisəsi olan Türkiyənin Qaradəniz Texniki Universitetinin meşəçilik fakültəsində təhsilini davam etdirəcək.

 

ETSN-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib ki, bu məqsədlə tələbələr və onların valideynləri ilə nazirlikdə görüş keçirilib. O,  gənclərimizin mükəmməl təhsil alaraq bilik və təcrübələrini artıracaqlarına,  meşəçilik ixtisasına dərindən yiyələnəcəyinə, meşələrimizin idarə olunmasında öz təcrübələrini bölüşəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində tələbələr qardaş ölkədə meşəçilik ixtisası üzrə lazımi biliklərə yiyələndikdən sonra nazirliyin aidiyyəti struktur bölmələrində işlə təmin olunacaqlar.  Nazirlik rəsmisinin məlumatına görə, bir neçə ay bundan əvvəl 8 gənc  təhsil almaq üçün Rusiyanın Voronej Dövlət Meşə Texniki Universitetinə göndərilib. Müasir tələblərə cavab verən kadr hazırlığı üzrə analoji layihələr bundan sonra da davam etdiriləcək.