Bakı Dövlət Universitetində (BDU) İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünə həsr olunmuş “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi beynəlxalq simpoziumu” keçirilib.

 

BDU və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib.

 

BDU-nun rektoru Elçin Babayev umummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışıb,  Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin  “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. 2017-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında böyük söz ustadının vəfatının 600 illiyinin qeyd edildiyini bildirən rektor ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyinə də diqqət çəkib.

 

Nəsiminin bütün türk dünyasının fəxri olduğunu vurğulayan E.Babayev böyük ortaq dəyərlər əsas götürülərək BDU və Sivas Universitetinin təşkilatçılığı ilə baş tutan simpoziumun onun zəngin irsinin daha yaxşı öyrənilməsinə imkan yaradacağına, elmi, ədəbi və mədəni əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyinə əmin olduğunu ifadə edib.

 

Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsündən danışaraq, onun ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını və Bakı Dövlət Universitetinin bu aksiyada fəal iştiraka hazırlaşdığını qeyd edib.

 

Sonra Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərdən danışıb və 14-cu yüzillikdə türk dünyasının böyük şairlərindən olan Nəsimi ilə bağlı keçirilən simpoziumun gələcək əməkdaşlığa xüsusi töhfə verəcəyini qeyd edib.

 

Türkiyə səfirliyinin təhsil müşaviri Nihad Büyükbaş, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin (TİKA)  koordinatoru Teoman Tiryaki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, bütövlükdə türk dünyasının dahi şairi, filosofu Nəsimi ilə bağlı keçirilən simpoziumu yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər.