Aşıq sənəti üzrə türkiyəli araşdırmaçı Necdet Kurt Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olub.

 

İnstitutun direktoru, akademik Muxtar İmanov və Musiqi folkloru söbəsinin müdiri, professor Nailə Rəhimbəyli ilə görüşdə türkiyəli araşdırmaçı elmi fəaliyyətindən danışıb.

 

Necdet Kurt hələ uşaqlıqdan xalq musiqisinə böyük maraq göstərdiyini, Tokat və Amasya bölgələrinin xalq mahnılarını araşdıraraq nota saldığını deyib.

 

Türkiyə ilə yanaşı, Yunanıstan, Kosova, Gürcüstan və Qazaxıstanda beynəlxalq simpoziumlarda məruzələrlə çıxış edən araşdırmaçı Almaniya, Avstriya, Avstraliya, Yunanıstan, Hollandiya, Kosova və Qazaxıstanda verdiyi konsertlərdən danışıb.

 

Onun sözlərinə görə, tanınmış alimlərdən dərs alıb və 30-dan artıq məqalənin,  3 kitabın müəllifidir; Aşıq Şənliyin, Aşıq Veysəlin yaradıcılığını, o cümlədən Sivas aşıq mühitinin özəlliklərini tədqiq etmək niyyətindədir.

 

Qeyd edək ki, Bakıda olduğu müddətdə Necdet Kurt aşıq sənətkarlarla görüşüb, onlarla fikir mübadiləsi aparıb.