Azərbaycan Dillər Universitetində (ADU) "Beynəlxalq münasibətlərin aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

 

Konfransın məqsədi regional və qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq münasibətlərin iştirakçılarının ikitərəfli və çoxtərəfli fəaliyyətlərinin nəzəri və praktiki cəhətdən öyrənilməsidir.

 

Konfransda ölkənin 10 universitetindən, 3 akademiyasından, AMEA-nın 8 institutundan, bölgələr üzrə 4 universitetdən, 4 xarici ali təhsil müəssisələrindən nümayəndələr iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə önəmli yer tutduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycanın cəsarətlə, siyasi iradə ilə irəliləməsi, dünya ölkələri arasında özünə layiqli yer tutması üçün əlindən gələni etdiyini deyən rektor bu yolun Heydər Əliyev yolu olduğunu qeyd edib.

 

Millət vəkilləri-  Rasim Musabəyov,  Musa Qasımlı, Çingiz Qənizadə, Elman Nəsirov belə  konfransları faydalı adlandıraraq,  beynəlxalq münasibətlərin müstəqil dövlət üçün vacib olduğunu, Azərbaycanın gənc dövlət kimi beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürütməyi bacaran nadir dövlətlərdən biri olduğunu diqqətə çatdırıblar.

 

Universitetin Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov Azərbaycan-Ukrayna mədəni-humanitar əlaqələri haqqında məruzə ilə çıxış edib. 

 

Konfrans öz işini “Heydər Əliyev irsi və beynəlxalq münasibətlər”, “Beynəlxalq münasibətlər: tarix və müasirlik”, "Beynəlxalq və regional təhlükəsizlik problemləri", "Beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr", “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmələrin işində ümumilikdə 156 tezis müzakirə olunub. Konfransa ölkəmizdən əlavə, Rusiya və Belarusdan tezislər daxil olub.

 

Bağlanış mərasimində çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli konfransın uğurla başa çatdığını, tədbirin yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.