Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun nümayəndə heyəti Düşənbədə (Tacikistan) keçirilən Orta Asiya və Cənubi Qafqaz Konfutsi institutlarının Beynəlxalq Forumunda iştirak edib.

 

Tacikistan Milli Universiteti və Çin Təhsil Nazirliyinin Xaricdə Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanasının dəstəyi ilə təşkil olunmuş forumda Qazaxıstan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin Konfutsi institutlarının direktorları ilə yanaşı, Tacikistan Prezidentinin İcra Aparatının, parlamentin, Tacikistan Təhsil Nazirliyinin, Çinin Tacikistandakı səfirliyinin, Çinin aparıcı universitetlərinin, Tacikistanda fəaliyyət göstərən Çin şirkətlərinin nümayəndələri də iştirak ediblər.

 

Forumun əsas mövzuları Konfutsi institutlarının idarə olunmasının səmərəliliyinin artırılması və forumda iştirak edən ölkələrdə Çin dilinin təhsil sisteminə inteqrasiyası məsələləri olub. Bölmə iclaslarının moderatoru, ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, forumda ali və orta məktəbdə Çin dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi və tematik mədəni tədbirlərin keçirilməsi ilə bağlı geniş fikir və təcrübə mübadiləsi aparılıb.

 

Forumda çıxış edən R. Abbasov bildirib ki, son illər Azərbaycan ilə Çin arasında humanitar sahədə əməkdaşlıq yeni inkişafa təkan verib. Bu, hər şeydən əvvəl ölkəmizin Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində  nəzərdə tutulmuş “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirakı ilə əlaqədardır.  

 

R. Abbasov ADU-da Çinşünaslıq təhsili və elminin uğurlu inkişafından, ADU-nun Konfutsi İnstitutunun tədris və ictimai-maarifçilik fəaliyyətindən, Çinin “Bir kəmər-bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlarından da söz açıb. Forum iştirakçılarına ADU-nun Çin və Azərbaycan dillərində nəşr etdiyi və Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafı istiqamətində çoxşaxəli fəaliyyətinə həsr olunmuş "İlham Əliyev- iki qədim xalqın dostluğunun müasir davamçısı" adlı kitabı hədiyyə olunub.