YARAT Müasir İncəsənət Məkanının “İnsan: Özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində növbəti seminar və təlimləri Bakı Dövlət Universitetində  keçirilib.

 

Seminar-təlimdə amerikalı mütəxəssis , psixologiya elmləri doktoru və lisenziyalı klinik psixoloq Stiven Hikman insanda bir çox qabiliyyət və bacarıqlar haqda bilgilərin  genişlənməsini təmin etmək məqsədi ilə  insanın fiziki sağlamlığına emosiyaların təsiri və emosional sağlamlığı qorumaq üçün praktiki təlimatlara dair məlumatları iştirakçılarla bölüşüb. O, həyatın çətin anlarında insanın özünə qarşı səmimi və qarışıq münasibətləri necə inkişaf etdirməsi  barəsində praktiki biliklər təqdim edib. Həmçinin, diqqətin toplanması, əsas emosiyaların dərki, çətin situasiyalarda daxili harmoniyanı qorumaq, stressi idarə etmək kimi məsələlərdən bəhs olunub, müzakirələrdə iştirakçıların sualları cavablandırılıb.


Qeyd edək ki, bütün dünyada məşhur olan qeyri-kommersiya təşkilatı San Dieqo “Şüurlu özünəmərhəmət Mərkəzi”nin (Center for Mindful Self-Compassion) qurucusu və icraçı direktoru olan Stiven Hikman məlumatlılığa əsaslanan koqnitiv terapiya sahəsində peşəkar və sertifikatlı müəllim hazırlığı üzrə 15 il təlimçilik təcrübəsinə malikdir. O, hazırda şüurlu özünəmərhəmət mövzusunda müxtəlif ölkələrdə təlim və seminarlar keçirir, məlumatlılığa əsaslanan stress azaltma mövzularına dair klinik tədqiqatlarda iştirak edir.