Yunanıstan Təhsil Nazirliyinin nümayəndə heyəti Bakı Slavyan Universitetinin (BSU) Müasir Yunan Dili Tədris- Mədəniyyət Mərkəzində olub.

 

Əvvəlcə “Arqo” Yunan Cəmiyyətinin sədri, BSU-nun yunan dili müəlliməsi Səidə Mehdiyeva, Müasir Yunan Dili Tədris- Mədəniyyət Mərkəzinin müdiri Sevda Əlizadə mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

 

Yunanıstandan ezam olunmuş dilçi Maria Delaki Bakı və azərbaycanlılar haqqındakı təəssüratlarını Azərbaycan dilində bölüşüb, Azərbaycan və yunan dillərində olan ortaq sözlər barədə çıxış edib.

 

Tədbirdə tələbələr Azərbaycan dilindən yunan dilinə və əksinə keçən sözləri səsləndiriblər.

 

Yunanıstan  Təhsil Nazirliyinin təhsil məsləhətçisi Yuli Xronopulu isə ritorika elmi  haqqında təqdimatla çıxış edib. Təqdimatda ritorika elminin qədim Yunanıstanda yaranması və müasir dövrdə tədrisi barədə məlumat verilib. 

 

Daha sonra BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov ritorika fənninin BSU-nun Magistratura şöbəsində tədrisi, mövzu ilə bağlı dərsliklər, həmçinin magistrantların nəzəriyyəni əyani şəkildə tətbiqetmə üsulları barədə danışıb.

    

Tədbirin davamında təhsil məsləhətçisi Efi Xristopulu Yunanıstanın milli bayramı olan “OXİ” günü barədə məlumat verib,  həmin günün  İkinci Dünya mübaribəsi zamanı Yunanıstanda gedən döyüşlərin qələbəsi üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

 

Qonaqların Müasir Yunan Dili Tədris-Mədəniyyət Mərkəzinə hədiyyələri də  təqdim edilib.