Yunanıstanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb. ADU-nun rektoru, akademik Kamal Abdulla Yunanıstanın Azərbaycan üçün xüsusi əhəmiyyətə malik  ölkələrdən olduğunu deyib. O, yunan dilinin tədrisində həmkarlarının  rolunu yüksək qiymətləndirib. Kamal Abdullanın sözlərinə görə,  Azərbaycan dünya dəyərlərinə, mədəniyyətinə açıq ölkədir və  Yunanıstanla birgə əməkdaşlıq nəticəsində mədəniyyətə, elmə, təhsilə yeni töhfələr vermək mümkündür.


ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitetin Yunanıstan universitetləri ilə qurduğu əlaqələrdən söz açıb. O, tədbirin təşkilini yüksək qiymətləndirıb, təhsil, elm, mədəniyyət üzərindən qurulan körpülərin heç zaman yox olmadığını deyib.


Yunan dili müəllimi Mariya Delaki Azərbaycan-Yunanıstan arasındakı bənzərliklər, Yunanıstan Təhsil Nazirliyinin təhsil məsləhətçiləri Yuli Xronopulu Ritorika, Efstathia Xristopulu Yunanıstanın milli bayramlarından biri olan “Oxi” (yunancadan tərcüməsi “Yox” deməkdir) günü haqqında təqdimatla çıxış ediblər.


Daha sonra ADU-nun tələbələri, həm Azərbaycan, həm yunan dillərində “Evlərinin önü yonca” mahnısını oxuyub və rəqslər nümayiş etdiriblər.