Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev başda olmaqla, müəllim və tələbələrdən ibarət heyət Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.  

 

Kompleksin mütəxəssisləri  1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat verib,  tarixi sənədlər və faktlarla tanışlıq imkanı yaradıblar.

 

Qeyd edək ki, memorial kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və XXI əsrin memarlıq üslubunda inşa olunıb.  Kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

 

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciə zamanı bolşevik-erməni silahlı dəstələri tərəfindən Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədilib, mindən artıq kənd yandırılıb və dağıdılıb.

 

1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

 

Qeyd edək ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutudur.