Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

 

İnstitutun  direktoru, akademik Nazim Məmmədov müstəqillik illərinin ilk vaxtlarında Fizika İnstitutunun dirçəlməsində Arif Həşimovun böyük xidmətləri olduğunu,  institutun hazırda dünya elmində qazandığı yüksək statusunun əsasının, məhz, alimin rəhbərliyi illərində qoyulduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda institutun rəsmi hirş indeksi 100-ə çatıb. Bu, o deməkdir ki, institut yüksəliş yolu ilə gedir.

 

İnstitutun elmi işlər üzrə direktor  müavini, akademik C.Abdinov alimin 2002-2009-cu illərdə Fizika İnstitutunun direktoru vəzifəsində çalışdığını,  2009-cu ildən Fizika İnstitutunda “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasına rəhbərlik etdiyini, 2007-2013-cü illərdə AMEA-nın birinci vitse- prezidenti vəzifəsini icra etdiyini, hazırda isə Energetika İnstitutunun direktoru, “Azərenerji” ASC-nin müşaviri, Texniki Şuranın üzvü olduğunu diqqətə çatdırıb. C.Abdinov deyib ki, Arif Həşimovun tədqiqat fəaliyyətinin əsas istiqaməti energetikanın fiziki-texniki problemləridir. 

 

BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professoru, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova fizika elmini təbiət elmlərinin tacı adlandıraraq, bütün elmlərin fizika ilə  bağlılığını qeyd edib və yubiliyara xoş sözlərini söyləyib.  O, akademikin Fizika İnstitutuna rəhbərliyi dövründə gördüyü işlərdən, gənclər üçün yaratdığı şəraitdən bəhs edib.

 

İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə  Mehdiyeva  Arif Həşimovu qayğıkeş, xeyirxah bir alim kimi xarakterizə edib.

 

Tədbirin sonunda akademik Arif Həşimov çıxış edərək, tədbiri təşkil etdiyinə görə Fizika İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.