Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyi görkəmli Azərbaycan şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib.

 

Xətai Sənət Mərkəzində baş tutan sərgidə liseyin 5, 6 və 7-ci sinif şagirdlərinin yağlı boya ilə kətan üzərinə iş, pastel sulu boya, taxta üzərində yandırma tikmə kimi texnikalardan istifadə edilməklə hazırladığı 40 rəsm əsəri nümayiş etdirilib.

 

“Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov bildirib ki,  “Nəsimi ili”nə töhfə olan bu əl işləri, bütövlükdə sərgi şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından çox səmərəlidir.

 

Millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Prezident Yanında Gənclər Fondunun əməkdaşı Emin Hacıyev Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsi kimi qiymətləndirərək, dahi söz ustadı İmadəddin Nəsimi ilə bağlı təşkil edilən sərginin işinə uğurlar arzulayıblar.

 

Sonra sərgiyə baxış keçirilib və hər biri 3 nəfər olmaqla, 9 nəfər şagirdin əl işi 1, 2 və 3-cü yerlərə layiq görülüb.

 

Sərgidə lisey şagirdlərinin təqdimatında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, səhnəciklər göstərilib, mahnılar və rəsqlər ifa edilib.