Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?” mövzusunda təlim keçirilib.

 

İnstitutun rektoru Ceyhun Məmmədov deyib ki, ölkəmizdə gənclərə daim diqqət və qayğı göstərilir. Ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət gənclər siyasəti uzun illərdir Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Gənclərin peşəkar kadr kimi yetişmələri üçün ölkə rəhbərliyinin gördüyü işlərdən bəhs edən C.Məmmədov tələbələrə dərslərdə fəal olmağı, peşəkar mütəxəssis kimi yetişmək üçün daim yeniliklər axtarışında olmağı tövsiyə edib. Rektorun sözlərinə görə, Aİİ-də mütəmadi olaraq keçirilən seminar, dəyirmi masa, konfrans və görüşlərin əsas məqsədi gənclərin təhsil, elm, sosial, mədəni və peşə hazırlığı sahələrində fərdi inkişaflarına nail olmaqdır.

 

Peşəkar təlimçi Elvin Dadaşsoy “Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?” mövzusunda çıxış edib. O bildirib ki, gənclər təhsil aldıqları dövrdə fəal olmalı, təkcə nəzəri biliklərlə kifayətlənməməli, daim axtarışda olmalıdırlar. “Böyük xəyallar qurmaq, ona çatmaq üçün öz üzərində işləmək və heç vaxt yolundan dönməmək insanı təsəvvür belə etmədiyi məqamlara gətirib çıxara bilər”, – deyə Elvin Dadaşsoy vurğulayıb. O, tələbələrə sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməməyi, doğru karyera yolunu seçmək üçün bacarıqlarından maksimum yararlanmağı tövsiyə edib.