Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Radiasiya və kimyəvi təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradanlardan biri, texnika elmləri doktoru, professor, polkovnik Həbib Ocaqovun anadan olmasının 80 illik yubileyinə həsr edilən konfransda insan sağlamlığı və ətraf mühit üçün yaranan risklərin idarə olunmasında mühüm  yer tutan  radiasiya və kimyəvi təhlükəsizliyin mühüm istiqamətləri müzakirə olunub.

         

Konfransda ölkəmizin 40-dan çox elm və təhsil müəssisələri ilə yanaşı,  ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstandan  24 təşkilatı təmsil edən 150-ə yaxın mütəxəssis iştirak edir. Binalarda və yaşayış ərazilərində radiasiya fonu, kimyəvi çirklənmələr, inşaat materiallarında kimyəvi və radiasiya riskləri, radon problemi, transsərhəd kimyəvi risklər və s kimi istiqamətləri əhatə edən 170-ə yaxın məruzə konfransın proqramına daxil edilib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizdə bu mövzuda beynəlxalq tədbirin ilk dəfə keçirildiyini deyıb.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının prezidenti Gennadi Rodin, AMEA-nın müxbir üzvü, professor, Radiasiya problemləri institutunun direktoru Oqtay Səmədov da konfransın aktual və günümüzlə səsləşən bir mövzuya həsr olunduğunu söyləyib.  

 

İki gün davam edəcək konfransda alimlər radiasiya və kimyəvi risklərin idarə olunmasında smart və innovativ texnologiyaların istifadəsi üzrə informasiya və təcrübə mübadiləsi aparcaq, bu sahədə birgə elmi-tədqiqatların və tədrisin inkişaf etdirilməsi üzrə əməkdaşlığın səmərəli yollarını müzakirə edəcəklər.