Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU ) Elmi Şurasının iclasında əməkhaqlarının qaldırılması  məsələsi müzakirə olunub.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, son illər ərzində Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində böyük işlər görülüb. Prezidentin verdiyi sərəncamlar ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılmasına böyük təsir göstərib:”Sevindirici haldır ki, ölkə miqyasında gedən iqtisadi islahatlar elm və təhsil sahələrində də böyük canlanmanın yaranmasına və bu sahədə çalışan insanların maddi rifahının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Sosial islahatlar paketində təhsil sahəsinin də mühüm yer tutması dövlətin bu sahəni fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlamasının bariz göstəricisidir”.

 

Rektor qeyd edib ki, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının icrası  məqsədilə Nazirlər Kabinetinin verdiyi müvafiq qərar universitetdə çalışan əməkdaşların əməkhaqlarının yüksəldilməsi üçün zəmin yaradıb.  Bu qərar təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına, eyni zamanda, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək.

 

Elmi Şuranın qərarına əsasən, universitet əməkdaşlarının əməkhaqları 20 faiz artırılıb. Qərar yalnız professor-müəllim heyətinə yox, həm də texniki işçilərə şamil olunub.