Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Bir bayraq altında birləşək” adlı tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.

 

Universitetin Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, Azərbaycanın tanıtım vəsiqələrindən, müstəqiliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biri onun bayrağıdır.  O deyib ki, hər bir Azərbaycan vətəndaşı dövlətin bayrağına, gerbinə, himninə hörmətlə yanaşmalıdır.   

 

Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev qeyd edib ki, xalqımız, millətimiz  canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb və biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.

 

Daha sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti tarix elmləri doktoru Sevinc Əliyeva xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan  bayrağımızın yaranma tarixindən danışıb.

 

Tədbirdə videoçarxlar nümayiş etdirilib.

 

Bədii hissədə tələbə-gənclərin ifa etdikləri vətənpərvər şeir və mahnılar iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.